"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

C.Abdullayev: “Biz çevrilişləri qəbul etmir və demokratik yolla seçilmiş höküməti müdafiə edirik.”

--2016-08-02 / 18:36

Biz Belediyye.info olaraq Mingəçevir bələdiyyəsinin Türkiyənin Qars şəhərinə səfəri barədə məlumat vermişdik. indisə səfər haqqında bələdiyyənin təqdim etdiyi geniş məlumatı oxucuların diqqətinə çatıdırıq:

- 2013-cü ildə Türkiyənin Qars bələdiyyəsi ilə Qardaş şəhər protokolu imzalayan Mingəçevir bələdiyyəsi 3 il sonra bir araya gəldi. Qars bələdiyyəsinin dəvəti ilə iyulun 25-dən 29-dək Mingəçevir bələdiyyəsinin sədri Coşqun Abdullayev və bələdiyyə üzvləri Zahid Qasımlı, Nurcamal əsgərova, Gülnarə Hacıyeva Qars bələdiyyəsinin qonağı oldular.

ilk olaraq Qars bələdiyyəsinin başkanı Murtaza Karaçanta və bələdiyyə Məclis üzvləri ilə birlikdə Sarıqamış şəhidliyi və şəhidlər muzeyi ziyarət edildi, məzar və abidə önünə qərənfillər düzüldü. Azərbaycanın ümummilli lideri Heydər əliyevin adını daşıyan parkda ucaldılmış büstü qarşısında sükut duruşu gerçəkləşdi və büst önünə əklil qoyuldu. Sonra bələdiyyədə görüş keçirildi. Başkan Mingəçevirin bələdiyyə heyətinin Qarsa gerçəkləşdirdiyi ziyarətdən məmnuniyyətini dilə gətirdi: “Qardaş bələdiyyə ilə ölkəmizin ağır vaxtında görüşmək sevincimizi, kədərimizi paylaşmaq bizim üçün çox önəmlidir. Azərbaycan Türkiyə ilə bütün sahələrdə həmrəydir, dövlətlərimiz bir-birinə arxadır, mənəvi dəstəkdir. Belə görüşlər qarşılıqlı olaraq vaxtaşırı təşkil olunmalıdır.” Mingəçevir bələdiyyəsinin sədri Coşqun Abdullayev cavab nitqində bildirdi ki, 15 iyulda Türkiyədə baş vermiş hərbi çevriliş cəhdinə Azərbaycanda hamı üzüldü, hadisələr narahatlıqla izlənildi: “Türk milləti bir daha göstərdi ki, güclüdür və hər şeyə qadirdir. Hörmətli Prezident Rəcəb Teyyub ərdoğanın  bir çağırışı ilə hər kəsin küçələrə tökülərək dövləti qoruması xainlərə çevriliş fürsəti vermədi. Araşdırmalar aparılaraq, günahkarlar haqq etdikləri cəzalarını artıqlaması ilə alacaqlar. Vətəndaşlar gündüz işlərində, gecələr meydanlardadır. Bu o deməkdir ki, türk millətində Vətən üçün döyünən böyük bir ürək vardır. Keçmiş olsun! Həyatlarını itirənlərə rəhmət, yaralananlara şəfa diləyirəm.”

Ziyarətin sonunda bələdiyyə sədrləri bir - birlərinə çeşidli hədiyyələr verdilər. Qars bələdiyyə başkanı Mingəçevir bələdiyyə sədrinə xoş niyyət məktubu təqdim etdi. Bu görüş və bələdiyyə rəhbərlərinin nitqləri səhərisi gün Qarsın bütün yerli qəzetlərində dərc olundu.

Günün ikinci yarısında Qars valiliyində qəbul keçirildi. Vali Rahmi Doğan bələdiyyə sədrləri və üzvlərini qəbul etdi. Vali də Azərbaycandan gəlmiş qonaqlarla görüşündən  məmnunluq duyduğunu birdirdi. C.Abdullayev valiyə də “Keçmiş olsun” deyərək Türkiyədə baş verən hadisələri izlədiyini, Türk millətinin böyüklüyü, dəyanəti nəticəsində hərbi çevrilişin baş tutmadığına sevindiyini bildirdi. Səmimi söhbətdən sonra hər iki tərəf hədiyyələr mübadiləsi etdilər.

***

Qarsda fəaliyyət göstərən Azərbaycan konsulluğundakı görüş də maraqlı oldu. Yeni konsul hələ işinə başlamadığından qonaqları konsul müavinləri Ramin Yusubov və Leyla Seyidəliyeva qarşıladı. R.Yusubov dedi ki, siz burda özünüzü evinizdəki kimi hiss edəcəksiniz. Qarsın əhalisi çox mehriban, səmimi və istiqanlıdırlar. Burada azərbaycanlılar çoxdur.

Qars bələdiyyə başkanı M.Karaçanta və Mingəçevir bələdiyyə sədri C.Abdullayev konsulluğa bələdiyyələr arasında «dostluq körpüsü» saldıqlarına görə konsulluğun işçilərinə minnətdarlıqlarını dilə gətirdilər və konsulluğa hədiyyələr verdilər.

Axşamlar 15 iyuldan bəri bütün şəhərlərdə “Demokratiya mitinqi” keçirilir. Mingəçevir bələdiyyəsinin üzvlərini də Demokratiya meydanına dəvət etdilər. Mitinqdə Türkiyənin Rabitə və nəqliyyat naziri, şəhər valisi, AKP şəhər şöbəsinin rəhbəri, bələdiyyə sədrləri və başqa rəsmi şəxslər nitq söylədilər. Çıxış üçün Mingəçevir bələdiyyəsinin sədri C.Abdullayevə də söz verdilər. C.Abdullayev çıxışa başlayarkən bələdiyyə üzvü Z.Qasımlı Azərbaycan bayrağını tribunaya qaldırdı və bu hal mitinqə yığışanlar tərəfindən coşqu ilə qarşılandı. Bələdiyyə sədri mitinqçilərə  15 iyulda yaşanan olaylarla bağlı «keçmiş olsun» diləyini bildirdi, Türk  millətinin dövlətinə və prezidentinə sahib çıxdığını söylədi:  “Harada görünüb ki, xalq tərəfindən seçilmiş prezidentə qarşı çıxasan. Bunlar başqa millətdəndir. Türk xalqı elələrinə lazım olan cavabı verdi. Azərbaycan Türk millətinin yanındadır. Biz çevrilişləri qəbul etmirik və demokratik yolla seçilmiş höküməti müdafiə edirik, edəciyik.” Mitinq iştirakçıları C.Abdullayevin çıxışını sürəkli alqışlarla qarşıladılar.  Mitinq canlı olaraq TRT-1-də yayımlanırdı.

Rəsmi görüşlərdən sonra Qars bələdiyyəsinin personal müdiri əli bəyin müşaiyəti ilə bələdiyyənin iş otaqları ilə, plan və layihələri ilə, iş və fəaliyyəti ilə, gələcək projeləri ilə tanışlıq oldu. Daha sonra şıhırin tarixi yerlərinə ekskursiya başladı. Kars Qalası, 12 Havarilər kilsəsi, Daş körpü, Evliya Camisi, Yusuf  Paşa Camisi, Fethiye Camisi, Ani Örən Yerindəki Böyük Katedrali, Tigran, Honents Kilsələri, Abukhamrents (Polat oğlu) kilsəsi, Selcuklu Karvan Sarayı, Küçük Hamamı, Anadoludakı ilk türk camisi olan Ebull Manuçehir Camisi, Gənc qızlar kilsəsi, Bakirələr monastırı və Ebul Hasan Harakanı məscidi kimi yüzlərlə tarixi yerlərə səfər təşkil olundu. Qonaqlara bələdçiliyi bələdiyyə başkanı yardımçıları Tahsin Gündoğan, Hülya Çağraşan, insan qaynaqları və təlim müdiri Ali Tamyüksel edirdilər.

Səmimi insanları, gözəl təbiəti, təmir havası, bol ruzisi olan Qars səfərinin sonunda Bələdiyyə Başkanı və şəhər Valisi tərəfindən Azərbaycanın Mingəçevir bələdiyyəsinin şərəfinə ziyafət verildi.

 Belediyye.info

ŞƏRHLƏR